Böyük Britaniyada fəaliyyət göstərən Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin araşdırmasına əsasən, “YouTube” platforması yeni təhlükəsizlik qaydalarının tətbiqindən bir il sonra da yeniyetmə istifadəçilərə qidalanma pozuntularını təşviq edən videolar tövsiyə edir.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, araşdırma çərçivəsində 13 yaşlı qız istifadəçini təqlid edən hesab yaradılıb, ilk dəfə təhlükəli pəhriz və bədən görünüşü ilə bağlı məzmun izlənilib. Məlum olub ki, “YouTube”un “Up Next” tövsiyə alqoritmi tərəfindən təqdim edilən hər 10 videodan biri həddindən artıq arıqlığı təşviq edən, kəskin kalorili məhdudiyyətləri və digər zərərli məzmunu əhatə edir. Bununla belə, tədqiqat müəllifləri son iki ildə vəziyyətin müəyyən qədər yaxşılaşdığını bildiriblər.
“YouTube”un sahibi olan “Google” şirkəti isə zərərli məzmunun yayılmasının qarşısının alınmasına sadiq olduqlarını vurğulayaraq, hesabatda qeyd olunan videoların artıq platformadan silindiyini açıqlayıb.
Araşdırma Böyük Britaniyanın rabitə tənzimləyicisi “Ofcom”un “YouTube” və “TikTok” platformalarının gənclərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində hələ də kifayət qədər tədbir görmədiyini bildirməsindən sonra dərc olunub.
Xatırladaq ki, 2025-ci ilin iyul ayından etibarən Böyük Britaniyanın onlayn təhlükəsizlik aktının əsas müddəaları qüvvəyə minib. Qanuna əsasən, “YouTube” kimi platformalar 18 yaşdan kiçik istifadəçiləri intiharı, özünə xəsarət yetirməni və qidalanma pozuntularını təşviq edən məzmundan qorumaq öhdəliyi daşıyır. Platformalar, həmçinin tövsiyə alqoritmlərinin gənclər üçün yarada biləcəyi riskləri qiymətləndirməli və onları minimuma endirmək üçün tədbirlər görməlidirlər.
