Avrokomissiya Almaniyada 4 yarımkeçirici istehsalı layihəsinə 659 milyon avroluq dəstəyi təsdiqləyib
Avropa Komissiyası Almaniyanın dörd yarımkeçirici istehsalı layihəsinə ümumilikdə 659 milyon avro həcmində dövlət dəstəyi ayırmasını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının (Aİ) məlumatında layihələrin Avropa üçün Çiplər Aktına uyğun olaraq Aİ-nin yarımkeçirici istehsalında texnoloji müstəqilliyinin və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəldiyi qeyd olunub.
Maliyyə vəsaiti federal hökumət və əyalət hakimiyyətləri tərəfindən birgə təmin ediləcək. Dəstəyin 353 milyon avrosu Şimali Reyn-Vestfaliyadakı Baesvayler şəhərində yüksəkməhsuldarlıqlı vafellərin istehsalı üçün “SME Element 3-5 GmbH” şirkətinə, 214 milyon avrosu Şlezviq-Holştayndə “Vishay Siliconix Itzehoe GmbH”yə, 74,4 milyon avrosu Hessen əyalətində yarımkeçirici istehsalında keyfiyyətə nəzarət avadanlıqları hazırlayan “KLA-Tencor MIE GmbH”yə, 17,9 milyon avrosu isə Münxendə sənaye çeşidləmə və təkrar emal sistemləri üçün xüsusi çiplər istehsal edəcək “KETEK GmbH”yə ayrılacaq.
Avropa Komissiyasının icraçı vitse-prezidenti Tereza Ribera bu qərarın yarımkeçirici sahəsində innovasiyaları dəstəkləməklə Avropanın texnoloji suverenliyini və rəqabət qabiliyyətini gücləndirəcəyini bildirib. Layihələr çərçivəsində şirkətlər Aİ-də yarımkeçirici dəyər zəncirinin inkişafına töhfə verməyi, ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirməyi öhdələrinə götürüb.
