Fransa hökuməti Rusiyanın Federal Təhlükəsizlik Xidmətini (FSB) bir neçə ildir ölkənin dövlət qurumlarına qarşı kibercasusluq kampaniyası aparmaqda ittiham edib.
NUHÇIXAN xəbər verir ki, hücumların hədəfində Rusiyanın Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər strateji qurumları olduğu bildirilib.
Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd edilib ki, FSB-nin 16-cı Mərkəzi, xüsusilə də Fransaya qarşı fəaliyyət göstərdiyi iddia edilən 61240 saylı bölməsi casusluq məqsədilə uzunmüddətli və zərərli kibertədbirlər həyata keçirib.
Nazirliyin məlumatına əsasən, 2017-ci ildən etibarən Müdafiə Nazirliyinin elektron poçt hesabları hədəfə alınıb. Bundan əlavə, 2018-ci ildə Fransanın Moskvadakı səfirliyinin şəbəkəsinə müdaxilə edilib, 2019-cu ildə isə ədliyyə sektoruna aid server sındırılıb.
Fransa tərəfi bildirir ki, 2025-ci ilin fevralında ölkənin müdafiə sənayesi ilə əməkdaşlıq edən və həssas texnologiyalar üzrə tədqiqat aparan institut da kibertəcavüzə məruz qalıb. Rəsmi məlumata görə, həmin hücum nəticəsində böyük həcmdə məlumat qanunsuz şəkildə sistemdən çıxarılıb.
Bu açıqlama Avropa İttifaqının Rusiya ilə əlaqəli kibercasusluq fəaliyyətində iştirak etməkdə ittiham olunan 9 fiziki şəxs və 4 quruma qarşı yeni sanksiyalar tətbiq etməsi ilə eyni vaxta təsadüf edir.
Avropa İttifaqı Şurasının məlumatına görə, sanksiyalar Rusiya hərbi kəşfiyyatının (QRU) əməkdaşlarını, kibercinayətkarları, özlərini “haktivist” adlandıran qrupları və sabitliyin pozulması ilə bağlı əməliyyatlarda iştirakda şübhəli bilinən özəl şirkətləri əhatə edir.
Brüssel, həmçinin FSB-ni “TURLA” daxil olmaqla bir sıra kibertəhdid qruplarına nəzarət etməkdə və Avropa ölkələrinə qarşı casusluq və təxribat əməliyyatları həyata keçirməkdə ittiham edir. Brüsellin məlumatına görə, Fransa ilə yanaşı Almaniya, Polşa, Niderland, Avstriya, Rumıniya, Slovakiya, Finlandiya və Kipr də analoji kibertəhdidlərdən zərər çəkən ölkələr sırasındadır.
Rusiya isə öz növbəsində Avropa İttifaqı və Böyük Britaniyanın yeni sanksiyalarına cavab verəcəyini açıqlayıb.
