Ukraynada “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyası Nazirlər Kabineti və hökumətin strukturu ilə bağlı vizyonunu müzakirə etmək üçün “Naftoqaz” Qrupunun hazırkı baş direktoru və Baş nazirliyə namizəd Sergey Koretski ilə görüş keçirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə fraksiyanın lideri David Araxamiya “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, Koretskinin korporativ və dövlət sektorlarında geniş təcrübəsi var və “Ukrnafta” və “Naftoqaz” şirkətlərində böyük nüfuz qazanıb.
“Ötən istilik mövsümündə istehsal və saxlama tutumuna edilən hücumlara baxmayaraq, istehlakçılara davamlı olaraq verilən yeganə enerji mənbəyi təbii qaz olub. Biz bu təcrübəni, xüsusən də Ukraynanın öz tarixinin ən çətin qışına hazırlaşdığı bir vaxtda çox faydalı hesab edirik”, -deyə Araxamiya qeyd edib.
Fraksiya liderinin sözlərinə görə, Koretski hökumətin prioritetləri arasında xalqa dəstək olmağı, istilik mövsümünə hazırlığı, müdafiə qüvvələrinin gücləndirilməsini və infrastrukturun qorunmasını qeyd edib.
Qeyd edək ki, Ali Rada iyulun 14-də Baş nazir Yuliya Sviridenkonun istefasını dəstəkləyib. Hökumət üzvləri onunla birlikdə avtomatik olaraq istefa veriblər.
