Zelenski: Ukrayna ildə 10 milyon dron istehsal edir və bu göstəricini 20 milyona çatdırmağa hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Ukraynanın ildə 10 milyon dron istehsal etdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" agentliyi məlumat yayıb.
Ukrayna liderinin sözlərinə görə, potensial dron istehsalı ildə 20 milyona qədər arta bilər.
"Yadımdadır, dövlətin planını ilk dəfə ictimaiyyətə necə səsləndirmişdim: ildə 1 milyon dron. Hər yerdə çoxlu skeptisizm var idi: həm daxildə, həm də xaricdə. İndi isə faktı qeyd edə bilərik: biz ildə 10 milyon dron istehsal edirik. 10-dur və 20 olacaq", – o bildirib.
Zelenski həmçinin Ukraynanın Rusiyaya endirdiyi və bu yaxınlarda "tarixi məsafədə" – 2884 km uzaqlıqda yerləşən Omsk Neft Emalı Zavodunu vuran uzaqmənzilli zərbələrinin uğurlarını qeyd edib.
"Ukrayna ilk dəfə olaraq öz ballistik raketlərini hazırlayır və uzaq məsafələrə zərbələr endirir. Bu, sadəcə hazırlama mərhələsində olan layihələr deyil, artıq fəaliyyət göstərən, əvvəllər əlçatmaz hesab edilən məsafələri qət edə bilən real gücdür. Bu, sadəcə olaraq tarixi məsafə, tarixi dəqiqlikdir. Səy göstərən hər kəsə təşəkkür edirəm", – prezident deyib.
Onun sözlərinə görə, hazırda Rusiya ərazisində Ukrayna üçün Kiyevin zərbə endirə bilməyəcəyi sahələr yoxdur.
