Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti müdafiə sahəsində çevik və sürətli innovasiyaların dəstəklənməsini nəzərdə tutan AGILE proqramının yaradılması barədə siyasi razılıq əldə edib.
NUHÇIXAN xəbər verir ki, 115 milyon avro büdcəsi olan yeni maliyyə aləti kiçik və orta müəssisələrə, o cümlədən startap və inkişaf mərhələsində olan innovativ şirkətlərə yeni və qabaqcıl müdafiə texnologiyalarının hazırlanması üçün operativ dəstək göstərəcək. Proqram prototiplərin real istifadəyə keçidini sürətləndirməyi, sürətli qrant mexanizmləri, sınaq və sertifikatlaşdırma imkanları təqdim etməyi nəzərdə tutur.
Razılaşmaya əsasən, maliyyələşdirmə qərarlarının dörd ay ərzində qəbul edilməsi, kiçik şirkətlərlə iri müdafiə sənayesi müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin məhsulların bazara çıxarılması üçün sınaq infrastrukturlarına sürətli çıxış təmin ediləcək. AGILE çərçivəsində mülki texnologiyaların müdafiə məqsədləri üçün uyğunlaşdırılması da dəstəklənəcək. Yeni proqramın 2027-ci ilin əvvəlindən fəaliyyətə başlaması planlaşdırılır.
