Pakistan XİN iyulun 16-da ABŞ və İranı İslamabad Anlaşma Memorandumuna uyğun şəkildə qarşılıqlı hərbi hücumlara son qoymağa və texniki səviyyədə danışıqları bərpa etməyə çağırıb.
NUHÇIXAN “Dawn” portalına istinadla xəbər verir ki, Pakistan XİN-in sözçüsü Tahir Andrabi İslamabadda jurnalistlərə bildirib: “Son bir həftə ərzində hərbi əməliyyatlar davam etdiyindən, Pakistan bütün tərəfləri maksimum təmkin göstərməyə, sülhü və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır”.
O əlavə edib ki, Pakistan davamlı sülh, sabitlik və tərəqqi kimi ortaq məqsədlərə çatmaq üçün davamlı qarşılıqlı əlaqəyə, dialoqa və diplomatiyaya alternativ olmadığına qəti şəkildə inanır. “Nəticə etibarilə, bütün münaqişələr və mübahisələr danışıqlar masasında, dialoq yolu ilə həll olunur. Pakistan gərginliyi azaltmaq üçün əsas həmsöhbətlərlə əlaqə saxlamağa davam edir”, - deyə XİN sözçüsü vurğulayıb.
