Türkiyədə dinc məqsədli atoma investisiyaları stimullaşdırmaq üçün vergi güzəştləri tətbiq ediləcək

A- A A+

Türkiyə hökuməti dinc məqsədli atom enerjisinə investisiyaları stimullaşdırmaq məqsədilə vergi güzəştləri tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, milli qanunvericiliyə müvafiq dəyişikliklər Türkiyə Böyük Millət Məclisinin planlaşdırma və büdcə Komitəsi tərəfindən təsdiqlənib.

Dəyişikliklərə əsasən, atom elektrik stansiyalarına investisiyalarla bağlı müqavilələr və digər investisiya sənədləri tezliklə müəyyən rüsumlardan azad ediləcək.

Bundan əlavə, tikinti işləri və atom enerjisi investisiyaları ilə bağlı maşın və avadanlıqların təchizatı üçün ƏDV-dən azadolma və geri ödəmə prosedurları tətbiq olunur.

Türkiyə enerji və təbii sərvətlər nazirinin müavini Zafər Demircan parlamentdə çıxış edərək bildirib ki, xaricdən texnologiya və investorların cəlb edilməsi Türkiyənin quraşdırılmış nüvə enerjisi gücünün 2045-ci ilə qədər 20.000 MVt-a çatdırılması məqsədinə çatmaq üçün çox vacibdir.

Nazir müavini qeyd edib ki, tətbiq olunan qaydalar bu hədəfə çatmaq məqsədi daşıyır. “Nüvə enerjisinin inkişafı ilə bağlı danışıqları davam etdiririk. Bu sahəyə investisiya cəlb etmək üçün hər cür səy göstəririk və nüvə enerjisi texnologiyalarına malik ölkələrlə fəal şəkildə əməkdaşlıq edirik. Atom elektrik stansiyalarından əlavə, kiçik və orta ölçülü reaktorların inkişafını da müzakirə edirik. Əgər investorların Türkiyəyə gəlməsini istəyiriksə, onlara yol açmalıyıq”, -deyə Demircan bildirib.

Qeyd etmək lazımdır ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası bu ilin sonuna qədər “Akkuyu” AES-in birinci enerji blokunu şəbəkəyə qoşmağı və bununla da Türkiyənin ilk nüvə elektrik stansiyasının istifadəyə verilməsində əsas mərhələni başa çatdırmağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: