Aİ komissarı Almaniyanı sərhəd nəzarətini dayandırmağa çağırıb

A- A A+

Avropa İttifaqının (Aİ) miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner Almaniyanı Avropadaxili sərhədlərində tətbiq olunan nəzarəti mərhələli şəkildə ləğv etməyə çağırıb.

NUHÇIXAN “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, o, bunu qeyri-qanuni miqrasiyanın azalması, Aİ-nin xarici sərhədlərinin daha etibarlı qorunması və yeni Avropa Sığınacaq Sisteminin (GEAS) qüvvəyə minməsi ilə əsaslandırıb.

M.Brunner bildirib ki, cari ilin ilk yarısında Aİ-nin xarici sərhədlərində qanunsuz keçidlərin sayı təxminən üçdəbir azalıb. Onun sözlərinə görə, Almaniya-Lüksemburq və Avstriya-Sloveniya sərhədlərində nəzarətin aradan qaldırılması bu istiqamətdə müsbət addımdır.

Avropa Parlamentinin sabiq Prezidenti Martin Şults da sərhəd yoxlamalarının ləğvinə çağıraraq, onların ciddi nəticə vermədiyini və Avropa hüququnun prinsipləri ilə ziddiyyət təşkil etdiyini bildirib. O, yay məzuniyyəti mövsümündə sərhədlərdə uzun tıxacların yaranacağı, bunun isə sərnişinlər, sərhədyanı bölgələrdə yaşayanlar və yükdaşıma şirkətləri üçün əlavə maliyyə yükü yaradacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Almaniyanın bütün quru sərhədlərində yoxlamalar 2024-cü il sentyabrın 16-dan həyata keçirilir. Həmin vaxtdan etibarən Fransa, Lüksemburq, Belçika, Danimarka və Niderland ilə sərhədlərdə yoxlamaların aparılmasına başlanılıb. Müvəqqəti xarakter daşıyan bu nəzarətlər indiyədək iki dəfə uzadılıb. Polşa, Çexiya və İsveçrə ilə sərhədlərdə 2023-cü ilin oktyabrından, Avstriya ilə sərhəddə isə 2015-ci ildən yoxlamalar aparılır. Sərhəd nəzarəti Almaniyada yeni hökumətin fəaliyyətə başlamasından sonra - 2025-ci ilin mayında daha da sərtləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: