Ölkələrimiz arasında strateji tərəfdaşlığın hər ötən gün daha da möhkəmləndiyi bu dövrdə Ukraynaya son dərəcə səmərəli bir səfər həyata keçirdik. Ukrayna Prezidenti Volodimir Zelensk, Prezident Aparatının rəhbəri Kiril Budanov və xarici işlər naziri Andrey Sibiqa ilə keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərimizi və Rusiya–Ukrayna müharibəsindəki son vəziyyəti hərtərəfli müzakirə etdik. Müharibə şəraitinə baxmayaraq, ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşməsindən böyük məmnunluq duyuruq.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri ilə bağlı açıqlamasında bildirib.
“Səfərdən əvvəl Ukrayna Parlamenti tərəfindən təsdiqlənən Azad Ticarət Sazişi iş adamlarımız üçün yeni imkanlar yaradacaq və iqtisadi tərəfdaşlığımızı daha yüksək səviyyəyə daşıyacaq mühüm dönüş nöqtəsidir. Səfər zamanı Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyimizi bir daha vurğuladıq. Türkiyə olaraq tərəfləri yenidən danışıqlar masası arxasında bir araya gətirəcək və davamlı sülhə töhfə verəcək hər cür təşəbbüsü dəstəkləməyə hazırıq”, - deyə nazir qeyd edib.
Ukrayna Ali Radasının deputatı Mustafa Abdülcəmil Kırımoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla görüşləri barədə danışan Fidan Krım tatarlarının hüquqlarının qorunması və mədəni kimliklərinin yaşadılmasının Türkiyə üçün hər zaman prioritet olduğunu bildirib.
Qeyd edək ki, səfər zamanı Prezident Zelenski tərəfindən nazir Hakan Fidana Ukraynanın II dərəcəli “Xidmətə görə” ordeni təqdim olunub.
