Britaniya polisi cümə günü 39 yaşlı şəxsi İranın kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilərək saxlayıb və ona qarşı ittiham irəli sürülüb. Qeyd olunub ki, bu, Tehranla bağlı bir sıra hadisələrin və Böyük Britaniyanın Milli Təhlükəsizlik qanunlarını pozan cinayətlər seriyasının sonuncudur.
NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, təhlükəsizlik orqanlarının açıqlamasına görə, İngiltərənin şimalındakı Liverpulda yaşayan şübhəli Vahid Aberi polis bölməsinə aparılıb və yaxınlıqdakı Birminhem və Liverpuldakı ünvanlarda axtarışlar aparılıb.
Böyük Britaniyanın təhlükəsizlik rəsmiləri İranın ölkədə düşmənçilik fəaliyyəti həyata keçirmək üçün cinayətkar vasitəçilərdən istifadə etməyə çalışdığı barədə dəfələrlə xəbərdarlıq ediblər. ABŞ-İran müharibəsinin başlanğıcından bəri Britaniyada İranla əlaqəli bir sıra antisemit hücumlar baş verib.
Londonda terrorizmə qarşı mübarizə polisinin rəhbəri Helen Flaneqan bildirib: “Son illərdə milli təhlükəsizlik araşdırmaları üzrə işimizin tempində əhəmiyyətli və davamlı artım müşahidə etmişik”.
Ötən həftə Britaniya iki rumın vətəndaşı tərəfindən iranlı mühacir jurnalistin bıçaqlanması ilə bağlı İranın səfirini XİN-ə çağırıb. Britaniya üçün təhdid iddialarına cavab verən İranın Londondakı səfirliyi isə əsassız, siyasi motivli və düşmənçilik iddialarını rədd etdiyini bildirib.
