Bu il Fransada yanğınlar 40 min hektardan çox meşə sahəsini məhv edib.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı jurnalistlərə Fransanın daxili işlər naziri Loren Nune verib.
Nazir iyulun 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, ilin əvvəlindən bəri Fransada təxminən 40 min hektarda meşə və bitki örtüyü yanıb. O əlavə edib ki, 2026-cı ili müstəsna meşə yanğınları mövsümü kimi xarakterizə etmək olar.
Fransız nazirin sözlərinə görə, hakimiyyət orqanları ölkə daxilində baş verən yanğınlarla bağlı 111 nəfəri həbs edib. “Onların əksəriyyəti yanğın törətdiklərini etiraf edib, həmçinin 10 yanğından 9-u qəsdən və ya təsadüfən insan fəaliyyəti nəticəsində baş verib. Yüzlərlə yanğınsöndürən, xüsusən də cənubi Var bölgəsində və Korsikada baş verən yanğınları söndürmək üçün bazar ertəsi günü səfərbər edilib”, -deyə o bildirib.
Nune bu həftə Fransanın cənub-şərqi və cənub-qərbində meşə yanğını təhlükəsinin kifayət qədər ciddi olaraq qalacağı barədə xəbərdarlıq edib, habelə ölkənin yanğınlarla mübarizə aparmaq üçün yetərli resursa malik olduğunu deyib.
Fransanın 12 “Canadair”, 8 “Dash” təyyarələri və 12 helikopteri də daxil olmaqla, təxminən 70 hava gəmisindən ibarət yanğınsöndürmə donanması var. Donanmaya, həmçinin 36 yanğınsöndürmə təyyarəsi daxildir.
Nazirin sözlərinə görə, isti hava və uzun müddət davam edən quraqlıq bir neçə bölgədə meşə yanğınlarını şiddətləndirir. Fransanın “Meteo-France” meteoroloji agentliyi bazar ertəsi 27 departamentdə meşə yanğınları riski olduğunu bildirib.
