Orta Dəhlizin əhəmiyyəti artdıqca yol infrastrukturunda yenilənmə tələb olunur. Gürcüstan da beynəlxalq və yerli dövlət əhəmiyyətli yolları yeniləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın infrastruktur naziri Revaz Soxadze deyib.
Onun sözlərinə görə, Gürcüstan yol infrastrukturunu yeniləməklə etibarlı və rəqabətli tranzit tərəfdaşı kimi rolunu bir daha təsdiqləyir.
Revaz Soxadze bildirib ki, ölkə daxilində bir sıra mühüm yol layihələri həyata keçirilir. Tbilisi-Batumi avtomobil yolu bu il tam istifadəyə veriləcək. Kaxeti istiqamətində işlər fəal şəkildə davam edir və həm beynəlxalq tranzit trafiki, həm də paytaxtın nəqliyyat şəbəkəsi üçün xüsusi əhəmiyyət kəsb edəcək Tbilisi dolama yolu layihəsinə başlanılır.
Sarpi tuneli layihəsi də icra olunacaq, regionun ən mürəkkəb mühəndislik layihələrindən olan Kobi-Kveşeti və Qveleti-Lars hissələrinin tikintisi isə fəal şəkildə davam edir.
