Suriya çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə strategiyasını təqdim edib
Suriya iyulun 21-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq çərçivəsində çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və yayılması ilə mübarizə üzrə milli strategiyasını təqdim edib.
NUHÇIXAN rəsmi SANA agentliyinə istinadla xəbər verir ki, strategiya Dəməşqdə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə Komissiyasının sədri Səfvan Raslan tərəfindən təqdim edilib.
Tədbirdə Suriyanın daxili işlər, ədliyyə, maliyyə, iqtisadiyyat və sənaye nazirləri iştirak ediblər.
Qeyd olunub ki, yeni strategiya vahid milli vizyon yaratmaq və institusional koordinasiyanı gücləndirmək üzrə bütün müvafiq qurumların səylərini birləşdirmək üçün yaxşı fürsət təqdim edir. Həmçinin Suriyanın milli çərçivəsini beynəlxalq standartlara uyğun olaraq davamlı olaraq inkişaf etdirmək öhdəliyi təsdiqlənib, qanunvericilik, institusional və texniki islahatları başa çatdırmaq istiqamətində işlərin aparıldığı bildirilib.
Bu səylər Suriyaya beynəlxalq tələblərə cavab verməkdə və FATF-ın boz siyahısından mümkün qədər tez çıxmaqda dəstək olacaq.
BMTİP-nin Suriyadakı rezident nümayəndəsinin müavini Ruhi Əfəqani bildirib ki, strategiya yeni Suriyanın prioritetlərinin bir hissəsidir. O əlavə edib ki, bu dövrdə əksər beynəlxalq sanksiyaların tədricən aradan qaldırılması, investisiya və ticarətin tədricən geri qaytarılması, iqtisadiyyatın bərpasının ilk əlamətləri müşahidə olunub.
