Rumıniyadan Macarıstana qaz nəqlində yeni rekord qeydə alınıb

A- A A+

Rumıniyanın “Economedia” nəşri bu ölkədən Macarıstana təbii qaz nəqlində yeni rekordun qeydə alındığını yazıb.

NUHÇIXAN xəbər verir ki, məlumata görə, Arad–Seyed (Arad–Szeged) qaz kəməri ilə bir gün ərzində 7,7 milyon kubmetr qaz Macarıstana ötürülüb ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Nəşr qeyd edir ki, Rumıniyanın qaz nəqli operatoru Transgaz və Macarıstanın FGSZ şirkəti bu marşrutun ötürmə qabiliyyətini ildə 4 milyard kubmetrdən çox səviyyəyə çatdırmaq üçün zəruri modernləşdirmə işlərini başa çatdırıb. Bundan əlavə, iki ölkə arasında imzalanmış yeni razılaşma nəticəsində qarşılıqlı nəql gücü daha da artırılıb.

“Economedia”nın təhlilinə görə, görülən tədbirlər ilk növbədə 2027-ci ildən Rumıniyanın Qara dənizdəki Neptun Deep yatağından hasil olunacaq böyük həcmdə qazın nəqli üçün infrastrukturun hazırlanmasına xidmət edir. Nəşr vurğulayır ki, həmin layihənin istismara verilməsi ilə Rumıniya regional qaz ixracatçısına çevrilə bilər.

Məqalədə bildirilir ki, Macarıstan hazırda qaz tədarükünün şaxələndirilməsinə çalışır. Bu baxımdan Rumıniya üzərindən keçən marşrut gələcəkdə Azərbaycan qazının, Yunanıstan və Türkiyə terminallarına daxil olan mayeləşdirilmiş təbii qazın, eləcə də Rumıniyanın Qara dəniz yataqlarından hasil ediləcək qazın Mərkəzi Avropaya çatdırılması üçün mühüm əhəmiyyət daşıyır.

Rumıniya nəşri hesab edir ki, qaz nəqli infrastrukturunun genişləndirilməsi ölkənin regional enerji qovşağı kimi rolunu gücləndirir və Mərkəzi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: