Fransanın Qard departamentində yerləşən Ales şəhərinin meri Kristof Rivenk ölüm təhdidlərinin artması fonunda xüsusi təyinatlı RAID (Fransa elit polis taktiki bölməsi) qüvvələri tərəfindən gecə saatlarında evindən təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, bu haqda Fransa Daxili İşlər Nazirliyi məlumat verib. Bildirib ki, siyasətçi hazırda ailəsi ilə birlikdə ən yüksək səviyyəli mühafizə altındadır.
Daxili işlər naziri Loran Nünez Milli Assambleyada çıxışı zamanı merə qarşı "zorakı hücum planı"nın mövcud olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu hadisələr yalnız Ales merinə deyil, həm də narkotik alverinə qarşı mübarizə aparan bütün şəxslərə yönəlmiş hədə-qorxu aktıdır. Nazir baş verənlərlə bağlı bütün faktların araşdırılacağını vəd edib.
Fransa mətbuatının məlumatına görə, merin evinin yaxınlığında partlayıcı ilə doldurulmuş avtomobil ola biləcəyi barədə şübhələr yaranıb. Bundan bir neçə gün əvvəl Kristof Rivenk bildirmişdi ki, həyat yoldaşı evə qayıdarkən hasarın üzərində təhdid xarakterli yazılar, poçt qutusunda isə iki ədəd 9 millimetrlik patron və DZ Mafia imzası olan məktub aşkar edib.
Faktla bağlı ölüm təhdidi və hədə-qorxu maddələri üzrə cinayət işi açılıb. İstintaq Ales və Nim polis idarələrinin mütəşəkkil cinayətkarlıqla mübarizə bölmələrinə həvalə edilib. Ales prokuroru Abdelkrim Qrini bildirib ki, divarlardakı yazılar "DZ NG" ("DZ Mafia Yeni Nəsil") və "CVN" ("Cévennes") imzaları ilə müşayiət olunub və bu səbəbdən təhdidlər son dərəcə ciddi qiymətləndirilir.
