BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çərşənbə günü bildirib ki, Mavritaniya sahillərində Qambiyadan təxminən 180 nəfəri daşıyan qayığın batması nəticəsində təqribən 143 qeyri-leqal miqrantın öldüyü ehtimal olunur.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, BMqT-nin məlumatına görə, bu, həmin marşrutda indiyə qədər baş verən ən böyük faciədir.
Təşkilat bildirib ki, ötən şənbə günü Nuadibu yaxınlığında gəminin 25 gün dənizdə qalmasından sonra sağ qalan 38 miqrant Mavritaniya Sahil Mühafizəsi tərəfindən xilas edilib. Bir cəsəd tapılıb, sağ qalanlar isə azı 143 nəfərin öldüyünü bildiriblər.
Xilas edilən miqrantların arasında bir neçə Qərbi Afrika ölkəsindən olan kişilər, qadınlar və uşaqlar var. BMqT bildirib ki, faciə bu il Qərbi Afrikadan Atlantik okeanı vasitəsilə Kanar adalarına gedən marşrutda qeydə alınan ölüm hallarının sayını 168-ə çatdırır. Bu statistikaya hələ də yoxlanılan və yüzlərlə insanın həyatına son qoya biləcək iki şübhəli gəmi qəzası daxil deyil.
BMqT-nin Qərbi Afrika üzrə nümayəndəsi Silvia Ekra deyib: “Bu hadisə göstərir ki, qanunsuz miqrantların sayının azalması marşrutun daha təhlükəsiz olması anlamına gəlmir”. O, ölkələri regional əməkdaşlığı gücləndirməyə, habelə təhlükəsiz və müntəzəm miqrasiya yollarına çıxışı genişləndirməyə çağırıb.
