Səudiyyə Ərəbistanı və ABŞ nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi ilə bağlı saziş imzalayıb

A- A A+

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, saziş Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Əbdüləziz bin Salman və ABŞ-nin energetika naziri Kris Rayt tərəfindən imzalanıb.

Sənəd iki ölkə arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsini, təcrübə, bilik və texnologiya mübadiləsinin təşviqini nəzərdə tutur. Saziş nüvə təhlükəsizliyi, mühafizəsi və nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq standartlara uyğun əməkdaşlığın inkişafına, eləcə də enerji və qabaqcıl texnologiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsinə xidmət edir.

Xatırladaq ki, ötən ilin noyabrında Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salmanın ABŞ-yə səfəri zamanı nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıqla bağlı danışıqların başa çatması barədə açıqlama verilmişdi.

ABŞ Energetika Nazirliyinin yaydığı məlumata görə, imzalanmış sənəd, həmçinin ikitərəfli təminatlar haqqında saziş iki ölkə arasında nüvə əməkdaşlığını tənzimləyən hüquqi çərçivəni formalaşdırır və qarşıdakı onilliklər ərzində dinc nüvə proqramları üzrə əməkdaşlığın genişləndirilməsinə imkan yaradacaq. Nazirlik bildirib ki, saziş qüvvəyə minməzdən əvvəl ABŞ qanunvericiliyinə uyğun olaraq Konqresin müzakirəsinə təqdim ediləcək.

Qeyd olunub ki, razılaşma ABŞ-nin nüvə texnologiyalarının ixrac imkanlarını genişləndirəcək, Vaşinqton və ər-Riyad arasında iqtisadi, texnoloji əməkdaşlığı möhkəmləndirəcək, həmçinin ABŞ şirkətlərinin Səudiyyə Ərəbistanında dinc nüvə enerjisi layihələrində iştirakını dəstəkləyəcək.

ABŞ Energetika Nazirliyi vurğulayıb ki, imzalanmış sənədlər enerji sektorunda uzunmüddətli strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edir və nüvə enerjisinin yalnız dinc məqsədlərlə istifadəsi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyi əks etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: