Yunanıstan İsraildən 3,5 milyard avroluq hava hücumundan müdafiə sistemi alacaq

A- A A+

Yunanıstan İsraildən təxminən 3,5 milyard avro dəyərində yeni hava hücumundan müdafiə sistemi alacaq.

NUHÇIXAN xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, ölkənin Xarici İşlər və Müdafiə Şurasının (KYSEA) bu müqaviləni yaxın vaxtlarda təsdiqləməsi gözlənilir.

Bildirilir ki, “Axilles qalxanı” adlandırılan sistem ballistik və qanadlı raketlərə, pilotsuz uçuş aparatlarına, döyüş təyyarələrinə və digər hava təhdidlərinə qarşı çoxqatlı müdafiə təmin edəcək. Yeni kompleks İsrailin qabaqcıl müdafiə texnologiyaları əsasında qurulacaq və Yunanıstanın mövcud hava hücumundan müdafiə şəbəkəsinə inteqrasiya olunacaq.

Qeyd edilir ki, bu layihə Yunanıstan Silahlı Qüvvələrinin genişmiqyaslı modernləşdirilməsi proqramının əsas hissəsidir. Afina hökuməti 2036-cı ilədək müdafiə sahəsinin inkişafına təxminən 28 milyard avro sərmayə yatırmağı planlaşdırır. Proqram çərçivəsində ABŞ-dən F-35 beşinci nəsil qırıcılarının, Fransa və İtaliyadan yeni freqatların, həmçinin müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının alınması da nəzərdə tutulur.

Hazırda Yunanıstanın hava hücumundan müdafiəsi əsasən ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri və sovet istehsalı S-300 sistemləri vasitəsilə təmin edilir. Yeni İsrail sistemi bu imkanları genişləndirərək ölkənin hava və raket hücumlarından müdafiəsini daha müasir və inteqrasiya olunmuş səviyyəyə çatdıracaq.

Yunanıstan NATO-da müdafiəyə ən çox vəsait ayıran ölkələrdən biri hesab olunur. Son illərdə Afina ilə Təl-Əviv arasında hərbi-texniki əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. İki ölkə hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, kibertəhlükəsizlik və birgə hərbi təlimlər sahəsində əməkdaşlığı davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: