NUHÇIXAN xəbər verir ki, Ermənistanda Olimpiya Komitəsinin prezidenti, “Çiçəkləşən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyanın vəzifəsindən azad edilməsi və deputat mandatının əlindən alınması gözlənilir. Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə “Mənim Addımım” partiyasının növbədənkənar iclasında bu barədə qərar verilib. Siyasi ekspertlər Sarukyana qarşı kampaniyanın Ermənistandakı vəziyyəti gərginləşdirəcəyini proqnozlaşdırırlar.
Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə “Mənim Addımım” partiyasının növbədənkənar iclası keçirilib. “Hrparak” qəzeti yazır ki, 3 saata yaxın davam edən toplantıda, Ermənistan Olimpiya Komitəsinin prezidenti, “Çiçəkləşən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyanın vəzifəsindən azad edilməsi və deputat mandatının əlindən alınması ilə bağlı müzakirələr aparılıb. Ermənistan parlamentinin deputatı Alen Simonyanın məlumatına görə, Qaqik Sarukyan haqqında cinayət tərkibli faktlar üzə çıxıb. Onun barəsində baş prokurorluğa şikayət ərizələri daxil olub. Eyni zamanda, Sarukyanın cangüdəni, deputat Eduard Babayanın əməllərində də cinayət işinin olduğu təsdiqini tapıb. Bu səbəbdən yaxın günlərdə Sarukyanın deputat statusunun ləğvi ilə bağlı spiker Ararat Mirzoyanın təklifi irəli sürüləcək. Əgər təklif qəbul edilərsə onda Sarukyanın toxunulmazlıq statusu əlindən alınacaq. O da bildirilir ki, oliqarx-deputatın başı xaricdəki və ölkədəki biznesinə qarışdığından parlamentin iclaslarında da iştirak etmir. Ermənistanın baş prokuroru Artur Davtyan isə Qaqik Sarukyanla bağlı cinayət materiallarının xüsusi istintaq komitəsinə göndərildiyini açıqlayıb. Məlumata görə, Olimpiya Komitəsinin sədrinə məxsus şirkətlər dövlət büdcəsinə vergi ödəmirlər. Ermənistan qanunverciliyinin tələblərinə görə, deputat vəsiqəsini daşıyan şəxsin biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Siyasi ekspertlər Sarukyana qarşı kampaniyanın Ermənistandakı vəziyyəti gərginləşdirəcəyini proqnozlaşdırırlar. Hətta vətəndaş qarşıdurmasına gətirib çıxaracağı istisna edilmir. Çünki, Ermənistanın Kotayk, Ararat və Armavir bölgələrinin əhalisinin mütləq əksəriyyəti oliqarx Sarukyanın tərəfdarlarıdır. Ölkənin idman ictimayyəti də oliqarx deputatı dəstəkləyir.