Berlində kütləvi aksiya iştirakçılarına avtomobillə hücumu törədən şəxsin axtarışları davam etdirilir

A- A A+

Berlində ötən gecə keçirilən kütləvi aksiya iştirakçılarına mikroavtobusla hücum etməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.

NUHÇIXAN xəbər verir ki, Berlində “Christopher Street Day” yürüşünün keçirildiyi ərazi yaxınlığında mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində 1 qadın həlak olub, azı 16 nəfər xəsarət alıb.

Ötən gecə saat 22:00 radələrində baş verən hadisədən sonra sürücü avtomobili tərk edərək qaçıb. Polis hadisənin bir, yoxsa bir neçə şəxsin törətməsi ilə bağlı ziddiyyətli ifadələrin olduğunu açıqlayıb. Lakin bir nəfərin şəxsiyyəti müəyyənləşdirilib, onun 21 yaşlı Abdul B. adlı şəxs olduğu bildirilir. Yerli media şübhəli şəxsin bu ilin mayında yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığını yazıb.

Almaniya Kansleri Fridrix Merts X hesabında etdiyi paylaşımda hadisəni cəmiyyətə qarşı hücum kimi qiymətləndirib. “Biz açıq və azadlığı sevən cəmiyyətik və bunu qoruyacaq, müdafiə edəcəyik. Bu cinayətin üstü açılacaq və onu törədən şəxs qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılacaq”, - deyə Kansler qeyd edib.

Berlin polisi şübhəli şəxsin saxlanılması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirir. Hadisənin motivi ilə bağlı hələlik qəti açıqlanma verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: