Baş naziri Entoni Albaniz ABŞ Prezidenti Donald Trampla Vaşinqtonun Avstraliya mallarının idxalına tətbiq etdiyi yeni tarifləri müzakirə etmək niyyətində olduğunu bildirib.
Bu barədə NUHÇIXAN "Reuters"ə istinadən xəbər verir.
Albanizin sözlərinə görə, Avstraliya hökuməti yeni tarifləri əsassız hesab edir və onların ləğvinə nail olmağa çalışır.
"Əlbəttə. Biz bu məsələni Avstraliya-ABŞ münasibətlərinin bütün səviyyələrində qaldıracağıq və artıq bunu edirik", - deyə baş nazir bildirib.
O, həmçinin qeyd edib ki, Avstraliyada müasir köləliyə qarşı mübarizə ilə bağlı sərt normalar qüvvədədir və hökumət təchizat zəncirlərinə nəzarətin gücləndirilməsi, eləcə də pozuntulara görə ciddi cərimələrin tətbiqi yolu ilə bu tədbirləri daha da sərtləşdirməyə davam edir.
Tramp administrasiyasının yeni tədbirlərinə əsasən, Avstraliya və daha 37 ölkədən idxal olunan məhsullara 12,5% gömrük rüsumu tətbiq edilir. 17 ölkə üçün bu göstərici 10% təşkil edir, daha beş dövlət üçün isə qarışıq tarif rejimi müəyyən olunub.
Qeyd edək ki, Albaniz daha əvvəl dəfələrlə Avstraliya ilə ABŞ arasında azad və ədalətli ticarətin inkişaf etdirilməsini prioritet hesab etdiyini bildirib.
