Fransanın 2027-ci il prezident seçkilərinə namizədliyini açıqlayan keçmiş baş nazir və Havr şəhərinin meri Eduar Filip Rusiyayönümlü dezinformasiya kampaniyasının hədəfinə çevrilib.
NUHÇIXAN xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, məhdud təsirə malik kampaniya Rusiyayönümlü Storm-1516 şəbəkəsi tərəfindən həyata keçirilib. Bu həftə sosial şəbəkələrdə Eduar Filipin sağlamlıq vəziyyəti ilə bağlı əsassız və yalan məlumatlar yayılıb.
Təhlükəsizlik orqanları bu kampaniyanı Rusiyanın dezinformasiya fəaliyyətinin adi nümunəsi kimi qiymətləndirir. Bildirilir ki, bu cür məlumatlar geniş auditoriyaya çatmır və asanlıqla təkzib olunduğu üçün ciddi təsir yaratmır.
Fransada xarici rəqəmsal müdaxilələrlə mübarizə aparan Viginum xidməti 2023-cü ilin avqustundan etibarən Storm-1516 şəbəkəsinə aid 205 dezinformasiya əməliyyatı müəyyən edib. Şəbəkənin Fransa ilə yanaşı, digər Avropa ölkələrində də oxşar fəaliyyət göstərdiyi bildirilir.
Baş nazir Sebastyən Lökornü iyulun 8-də qarşıdan gələn prezident, regional və departament seçkiləri ərəfəsində xarici müdaxilə riskinin çox yüksək olduğunu bəyan etmişdi. Fransa hökuməti bu həftə seçki dövründə dezinformasiyaya qarşı mübarizəni gücləndirməyi nəzərdə tutan qanun layihəsi təqdim edib. Layihədə seçki kampaniyaları zamanı saxta məlumat yayan şəxslər üçün daha sərt cəzaların tətbiqi də nəzərdə tutulur.
