Uqanda hökuməti ölkənin şərqindəki uzun sürən quraqlıqdan əziyyət çəkən bölgədə aclıqdan 19 ölüm hadisəsinin qeydə alınmasından sonra təcili ərzaq yardımı paylamağa başlayıb.
NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, Uqandanın Karamoca bölgəsində humanitar böhran dərinləşir. Belə ki, quraqlıq məhsulu məhv edib, bölgədə təqribən 1,5 milyon insan kəskin qida çatışmazlığı və artan aclıq təhlükəsi ilə üzləşib.
Qida təhlükəsizliyi təhdidləri barədə xəbərdarlıq etmək üçün hazırlanmış qlobal erkən xəbərdarlıq şəbəkəsi Karamoca bölgəsində vəziyyətin dərin böhran səviyyəsinə qədər pisləşdiyini bildirib.
Humanitar yardımın kəsilməsi nəticəsində maliyyə çatışmazlığı ilə qarşılaşan Uqanda hökuməti tərəfindən təşkil edilən ilk genişmiqyaslı əməliyyatda hakimiyyət orqanları növbəti iki ay ərzində 9400 ton ərzaq yardımı paylamaq planlarını açıqlayıb.
Karamoca bölgəsi son illərin ən pis quraqlığını yaşayır. Fermerlər sonuncu dəfə aprel ayında, əkin mövsümünün əvvəlində qeydə alınan yağışdan bəri məhsul itkisi ilə üzləşiblər.
