Yunanıstan yeni rəqəmsal identifikasiya sistemi üçün dəyəri 515 milyon avrodan çox olan layihəyə başlayıb

A- A A+

Yunanıstan hökuməti yeni nəsil şəxsiyyət vəsiqələrinin, pasportların və milli rəqəmsal identifikasiya sisteminin yaradılması məqsədilə dəyəri 515,4 milyon avroya çatan irimiqyaslı layihənin həyata keçirilməsinə start verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Greek Reporter” nəşri məlumat yayıb.

Bildirildiyinə görə, layihə çərçivəsində yeni biometrik şəxsiyyət vəsiqələrinin, pasportların, yaşayış icazələrinin və polis əməkdaşları üçün xidməti vəsiqələrin hazırlanması və fərdiləşdirilməsi üçün müasir texnoloji infrastruktur yaradılacaq. Eyni zamanda, vətəndaşların dövlət xidmətlərindən istifadə zamanı şəxsiyyətlərini elektron qaydada təhlükəsiz təsdiqləmələrinə imkan verən vahid rəqəmsal identifikasiya sistemi qurulacaq.

Layihənin əsasını təhlükəsizlik sənədləri üçün inteqrasiya olunmuş informasiya sistemi (OPSEA) təşkil edəcək. Bu sistem yüksək mühafizə olunan dövlət sənədlərinin hazırlanmasını və fərdiləşdirilməsini təmin etməklə yanaşı, həssas şəxsi məlumatların emalını da həyata keçirəcək. Bu səbəbdən layihədə ən yüksək kibertəhlükəsizlik və məlumatların mühafizəsi standartlarının tətbiqi nəzərdə tutulur.

Yunanıstan hökuməti layihənin texniki mürəkkəbliyini nəzərə alaraq podratçının seçilməsi üçün beynəlxalq müsabiqə prosedurundan istifadə edəcək. Müsabiqəyə qatılacaq şirkətlər əvvəlcə dövlət qurumları ilə texniki həlləri müzakirə edəcək, bundan sonra yekun təkliflərini təqdim edəcəklər. Bu yanaşmanın layihənin texniki tələblərinin və maliyyə parametrlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcəyi bildirilir.

Layihənin ilkin dəyəri ƏDV-siz 415 milyon avro, vergilər daxil olmaqla isə təxminən 515,4 milyon avro təşkil edir. Bundan əlavə, layihədə gələcək ehtiyaclar üçün əlavə seçim paketi də nəzərdə tutulub və texniki tələblərdən asılı olaraq büdcəyə müəyyən dəyişikliklərin edilməsi mümkün olacaq.

Yeni sistem Avropa İttifaqının eIDAS 2.0 rəqəmsal identifikasiya çərçivəsinə uyğun hazırlanacaq. Bunun sayəsində Yunanıstan vətəndaşları gələcəkdə həm ölkə daxilində, həm də Avropa İttifaqının digər üzv dövlətlərində dövlət və bəzi özəl elektron xidmətlərdən vahid rəqəmsal identifikasiya vasitəsilə daha təhlükəsiz istifadə edə biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: