Yunanıstan Çin mənşəli onlayn ticarət platformalarının Avropa İttifaqında ən sürətlə böyüyən bazarlarından birinə çevrilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Yunanıstan mətbuatında dərc olunan araşdırmada bildirilir.
Məlumata görə, son illərdə Yunanıstan istehlakçıları arasında “Temu”, “Shein” və digər Çin elektron ticarət platformalarından alış-veriş edənlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bu platformalar aşağı qiymətlər, geniş məhsul çeşidi və sürətli marketinq kampaniyaları sayəsində bazarda mövqelərini möhkəmləndirib.
Araşdırmada qeyd olunur ki, Çin platformalarının bazar payının artması yerli pərakəndə satış şirkətləri üçün rəqabəti gücləndirib. Yunanıstan sahibkarları Avropa İttifaqında fəaliyyət göstərən şirkətlər üçün tətbiq olunan vergi, gömrük və məhsul təhlükəsizliyi qaydalarının bütün onlayn satış platformalarına eyni şəkildə şamil edilməsinin vacibliyini bildirirlər.
Məsələ Avropa İttifaqında da müzakirə olunur. İttifaqın qurumları üçüncü ölkələrdən elektron ticarət vasitəsilə daxil olan məhsullara nəzarətin gücləndirilməsi, istehlakçı hüquqlarının qorunması və ədalətli rəqabət mühitinin təmin olunması istiqamətində yeni tədbirlər üzərində işləyir.
Qeyd edək ki, Yunanıstan elektron ticarət bazarı son illərdə sürətlə inkişaf edir və Çin platformalarının artan fəaliyyəti ölkədə onlayn alış-veriş vərdişlərinin dəyişməsinə, eyni zamanda, pərakəndə ticarət sektorunda rəqabətin daha da güclənməsinə səbəb olub.
