“SpaceX” şirkəti özünün “Crew Dragon” pilotlu kosmik gəmisinin məhv olmasını etiraf edib. NUHÇIXAN xəbər verir ki, bununla bağlı CNN telekanalı məlumat yayıb.
Şirkətin vitse-prezidenti Hans Keniqsmann jurnalistlərə bildirib ki, insident qəza zamanı xilasetmə sistemində istifadə olunan “SuperDrago” mühərriklərinin işə salınmasından sonra baş verib. Hadisənin səbəbləri araşdırılır.
Keniqsmannın sözlərinə görə, “SpaceX” əvvəlki kimi ümid edir ki, “Crew Dragon” pilotlu missiyası bu il həyata keçiriləcək. Şirkət artıq başqa kosmik gəmilərin inşasına başlayıb.
“Crew Dragon” gəmisinin səkkiz mühərriki Dragon kapsulunun perimetri üzrə quraşdırılıb. Onların funksiyası raket-daşıyıcının nasaz olması zamanı ekipajın təcili evakuasiyasıdır. Bu mühərriklər beş saniyə ərzində kapsulu 500 metr yüksəkliyə qaldırmağa və bununla da onu operativ şəkildə ehtimal olunan qəza ocağından uzaqlaşdırmağa qadirdir. Gözlənilirdi ki, qəza sisteminin nümayişi iyun ayında olacaq, iyul ayında isə “Crew Dragon” gəmisinin ilk pilotlu uçuşu həyata keçiriləcək. Qəzadan sonra NASA gəminin fəzaya buraxılması qrafikini dəyişə bilər.
Bundan əvvəl də Beynəlxalq Kosmik Stansiyaya uçan “Crew Dragon” pilotlu gəmisinin odadavamlılığının sınaqdan keçirilməsi zamanı partlayış baş vermişdi. Bu ştatdankənar vəziyyət aprelin 20-də ABŞ-dakı Kanaveral burnunda olmuşdu.
Pilotlu gəminin (ekipaj olmadan) ilk sınaq uçuşu martın 2-də keçirilib.
2014-cü il sentyabrın 16-da “SpaceX” və Boeing” şirkətləri CCtCap (Commercial Crew Transportation Capability) proqramının qalibi olublar. Bu proqram Yerətrafı orbitə uçmaq üçün Amerikanın pilotlu kosmik gəmilərinin inşasını nəzərdə tutur. “Crew Dragon” layihəsinə 2,6 milyard, “Boeing Starliner”ə isə 4,2 milyard dollar vəsait ayrılıb.
Qeyd edək ki, NASA son dəfə 2011-ci ilin iyulunda kosmosa pilotlu ekipaj göndərib. ABŞ-ın “Space Shuttle” proqramının bağlanmasından sonra astronavtların Beynəlxalq Kosmik Stansiyaya uçuşları yalnız Rusiyanın “Soyuz TMA”, Soyuz TMA-M” və “Soyuz MS” birdəfəlik üçyerli kosmik gəmiləri ilə həyata keçirilib.