Sudanda orduya qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin döyüş bölgələrindəki bölmələrinə fəaliyyət sərbəstliyi verilib.
NUHÇIXAN xəbər verir ki, bunu Çevik Dəstək Qüvvələrinin komandanı Məhəmməd Həmdan Deqlu (Həmidti) yayımladığı videomüraciətdə deyib.
O, müraciətində döyüşlərin taleyinin ön cəbhədəki qüvvələrdən asılı olduğunu bildirərək, "qərar sizin əlinizdədir, sərbəstsiniz" ifadəsini işlədib.
Müraciət Sudan ordusunun Şimali Kordofan vilayətindəki strateji əhəmiyyət daşıyan Omdurma – əl-Ubayyid avtomobil yoluna nəzarəti bərpa etdiyini açıqlamasından bir gün sonra yayılıb. Hərbi mənbələrin məlumatına görə, təxminən 400 kilometr uzunluğunda olan magistral yolun nəzarətə götürülməsi əl-Ubayyid şəhərinə ikinci təchizat marşrutunun açılmasına imkan yaradıb.
Eyni zamanda, Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhanın Şimali Kordofandakı Cəbrə əş-Şeyx bölgəsinə səfərini əks etdirən videogörüntülərin yayılması orada vəziyyətin ordunun xeyrinə dəyişdiyini göstərir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, ilin əvvəlindən etibarən Kordofan bölgəsində tərəflərin pilotsuz uçuş aparatlarından istifadə etməklə həyata keçirdikləri hücumlar nəticəsində min nəfərdən çox insan həlak olub. Beynəlxalq təşkilatlar Sudandakı müharibənin indiyədək 200 mindən çox insanın ölümünə səbəb olduğunu, 33 milyona yaxın şəxsin isə humanitar yardıma ehtiyac duyduğunu bildirirlər.
BMT, həmçinin əl-Ubayyiddə humanitar vəziyyətin sürətlə pisləşdiyi, şəhərə və ətraf ərazilərə məcburi köçkün axınının artması barədə xəbərdarlıq edib.
