BMT xəbərdarlıq edib ki, qazıntı yanacaqlarından asılılıq səbəbindən iqlimlə bağlı fəlakətlər bəşəriyyətin kabusuna çevrilir.
NUHÇIXAN təşkilatın son məlumatına istinadla xəbər verir ki, BMT-nin iqlim dəyişikliyi üzrə icraçı katibi Saymon Still açıqlamasında bildirib: “İqlim fəlakəti ilə bağlı həyəcan siqnalı artıq hər tərəfdən səslənir. İqlim böhranının dəhşətli fəsadları həm insanlar, həm də iqtisadiyyatlar üçün milli fövqəladə hallar səviyyəsinə çatır”.
BMT qeyd edib ki, Avropada 250 min hektardan çox meşə ərazisi yanıb, 2026-cı ilin əvvəlindən bəri 1254 yanğın qeydə alınıb. İsti hava dalğaları nəticəsində Fransa, İspaniya və Avropanın digər yerlərində rekord qıran meşə yanğınları baş verir, onlar kütləvi təxliyələrə səbəb olur, regional və milli iqtisadiyyatlara zərbə vurur. Şimali Afrikada 49 dərəcə Selsiyə yaxınlaşan temperatur həyatı və dolanışıq vasitələrini ciddi təhlükə altına alır, xəstəxanalar və enerji sistemləri yüksək gərginlik altına qalır. Çilidə ölümcül fırtınalar evləri və həyatları məhv edib. Yaponiyada isə temperatur indiyə qədər qeydə alınan ən yüksək həddə - 40 dərəcə Selsiyə çatır.
Saymon Still bildirib ki, bəşəriyyət qazıntı yanacaqlarından təmiz enerjiyə çox yavaş keçdikcə və meşələri kifayət qədər qoruya bilmədikcə, sürətlə istiləşən dünyada bu spiralvarı fəlakətlər milyardlarla insanın yaşadığı reallığa çevrilir. O, bu fəlakətin səbəbinin elmi cəhətdən birmənalı olduğunu izah edərək vurğulayıb ki, bəşəriyyətin külli miqdarda kömür, neft və qaz yandırması nəticəsində yaranan qlobal istiləşmə uzunmüddətli isti dalğaları, şiddətli daşqınları və fırtınaları daha intensiv hala gətirir. “Nə edilməli olduğu da eyni dərəcədə aydındır: kömür, neft və qazı daha tez müddətdə geridə qoymaq, bərpaolunan enerji mənbələrini genişləndirmək və ən çox təsirə məruz qalan yerlərdə insanları qorumaq lazımdır”, -deyə icraçı direktor əlavə edib.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, etibarlı monitorinq, proqnozlaşdırma, sərhədlərarası məlumat mübadiləsi və erkən xəbərdarlıqlar həyatları, dolanışıq vasitələrini və ekosistemləri qorumaq üçün çox vacibdir.
Təşkilat “Hamı üçün erkən xəbərdarlıqlar” təşəbbüsü vasitəsilə standartlaşdırılmış çərçivələrin təşviqi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və yanğın hava xidmətləri üzrə beynəlxalq əməkdaşlığın inkişafı yolu ilə bu səyləri irəli aparır.
