Ukrayna Müdafiə Qüvvələri Krımın Mejvodnı rayonunda yerləşən Rusiyanın Qara dəniz donanmasının yüksəksürətli kater bazasına, Ryazan Neft Emalı Zavoduna və Bryansk vilayətindəki Poçep rayonu yaxınlığındakı radar stansiyasına zərbələr endirib.
NUHÇIXAN xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bu barədə “Facebook” səhifəsindəki paylaşımında məlumat yayıb.
Qeyd olunub ki, 29 iyul gecəsi Ryazan bölgəsindəki neft emalı zavoduna zərbə endirilib, ardınca ərazidə yanğın baş verib.
Ryazan Neft Emalı Zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Burada hərbi-sənaye kompleksinin və Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunan avtomobil benzini, dizel yanacağı, reaktiv yanacaq və digər neft məhsulları istehsal edilir. Zavodun gücü ildə təxminən 17 milyon tondur.
Müvəqqəti işğal altında olan Krımdakı Mejvodnı rayonu yaxınlığında yerləşən Rusiya Qara dəniz donanmasının yüksəksürətli kater bazasına da zərbə endirilib. Obyekt patrul, sahil mühafizəsi, logistika dəstəyi və Rusiya ordusu üçün digər tapşırıqlarda istifadə olunan yüksəksürətli katerlərin saxlanılması və dəstəklənməsi məqsədilə istifadə olunur.
Bundan əlavə, Rusiya Federasiyasının Bryansk vilayətindəki Poçep rayonu yaxınlığındakı radar stansiyası vurulub.
Ukrayna qüvvələri, həmçinin Donetskdə hücum PUA-larının saxlanması, hazırlanması və buraxılış məntəqəsinə, Portovskoyedəki logistika obyektinə və Donetsk vilayətinin Vıselki ərazisində hərbi logistika üçün istifadə edilən avtomobil körpüsünə zərbələr endirib.
