Fransada iyunun 8-dən etibarən azyaşlılara qarşı törədilən cinsi zorakılıq cinayətləri ilə bağlı aparılan araşdırma çərçivəsində 924 nəfər həbs olunub.
NUHÇIXAN xəbər verir ki, ədliyyə naziri Jerald Darmanənin açıqladığı məlumata görə, bu göstərici adi dövrlə müqayisədə 134 faiz artım deməkdir. Bildirilir ki, eyni dövrdə təxminən 1700 məhkəmə işi başlanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 271 faiz çoxdur.
Araşdırma iyunun 8-də 11 yaşlı məktəbli Lihannanın işi fonunda başladılıb. Qızın zorlanaraq öldürülməsində şübhəli bilinən şəxs barəsində daha əvvəl də bir neçə şikayət daxil olsa da, həmin müraciətlər nəticəsiz qalıb. Bundan sonra Ədliyyə Nazirliyi ölkə üzrə bütün prokurorluqlara azyaşlılara qarşı cinsi zorakılıqla bağlı şikayətlərin yenidən araşdırılması tapşırığını verib.
Fransanın Ədliyyə Nazirliyi bu kampaniyanın təkcə konkret bir hadisəyə cavab olmadığını, uşaqların müdafiəsi sahəsində cinayət siyasətində uzunmüddətli və sistemli dəyişikliklərin tərkib hissəsi olduğunu vurğulayıb.
Bununla yanaşı, Milli Assambleya iyulun 21-də uşaqların müdafiəsinə dair qanun layihəsini qəbul edib. Sənəddə pedokriminallığa qarşı mübarizənin gücləndirilməsi və azyaşlıların müdafiə sistemində üzə çıxan çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş bir sıra yeni tədbirlər nəzərdə tutulur. Qanun layihəsinin oktyabrın sonunda Senatda müzakirəyə çıxarılması planlaşdırılır.
