BMW şirkəti 2027-ci ilin sonunadək 8 min iş yerini ixtisar edəcək.
NUHÇIXAN xəbər verir ki, yerli medianın şirkətdəki mənbələrə istinadla yaydığı məlumata əsasən, konsern rəhbərliyi və iş şurası işdənçıxarma paketi barədə razılığa gəlib. Razılaşmaya əsasən, dünya üzrə ümumilikdə 8 min iş yerinin ləğv edilməsi gözlənilir. İşdənçıxarmaların əksəriyyətinin Almaniyada baş verəcəyi nəzərdə tutulur.
BMW-də 85 mini Almaniyadakı müəssisələrdə olmaqla ümumilikdə 154 min nəfər işləyir.
Qeyd edək ki, hazırda alman avtomobil istehsalçıları ciddi böhranla üzləşib. Elektrikli nəqliyyat vasitələrinin satışı sürətlə artsa da, bu seqmentdə mənfəət marjaları daha azdır. Eləcə də ABŞ hökuməti tərəfindən tətbiq edilən tariflər və xüsusilə Çin bazarında satışların azalması şirkətlərə təzyiq göstərir. BMW digər avtomobil şirkətləri ilə müqayisədə bu böhranda daha davamlı hesab olunsa da, Çindəki vəziyyətə görə mənfəətin kəskin azalacağı gözlənilir.
