Türkiyə İran sərhədi boyunca modul divar sistemini genişləndirir, bölgədə qaçaqmalçılığı və qanunsuz miqrasiyanı minimuma endirməyə çalışır.
NUHÇIXAN xəbər verir ki, 2021-ci ildən bəri Türkiyə-İran sərhədi boyunca planlaşdırılan 305 kilometrlik beton və polad divarların 235 kilometri artıq inşa edilib. Son 70 kilometrlik hissədə işlər dağlıq Başkale bölgəsində davam edir.
Sərhədin daha 6 kilometrlik hissəsi müasir ərazi monitorinq sistemlərindən istifadə etməklə Van əyalətinin şərqindəki Başkale şəhərində qurulub. Beş metr hündürlüyündə divarın üzərinə 90 santimetr hündürlü olan tikanlı məftildən hasar çəkilib.
Türkiyə Silahlı Qüvvələrinin sərhəd bölmələri pilotsuz uçuş aparatlarından və məsafədən idarə olunan muxtar yerüstü nəqliyyat vasitələrindən istifadə edərək ərazini gecə-gündüz izləməyə davam edir. Burada zirehli nəqliyyat vasitələri və dron əleyhinə sistemlər də yerləşdirilib.
Snayper dəstələri və xüsusi təyinatlı qüvvələrin bölmələri vacib yerlərdə yerləşdirilib.
