Ukrayna qışa qədər 300-ə yaxın "Patriot" raketi əldə etməyi gözləyir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqton səfərindən sonra AXIOS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla görüş zamanı "Patriot" sistemləri üçün ələkeçirici raketlərin istehsalına lisenziyaların alınması prosedurunun davam etdirilməsinə dair razılıq əldə olunub.
Ukrayna Prezidenti qeyd edib ki, hətta lisenziyalar alındığı təqdirdə belə, bu raketlərin kütləvi istehsalının qurulmasına bir ildən beş ilə qədər vaxt lazım olacaq: "Belə bir qrafik uyğun deyil. "Patriot"lar bizə hələ dünən lazım idi".
V.Zelenskinin sözlərinə görə, Tramp məsələnin həllinə kömək etməyə çalışacağına söz verib. O qeyd edib ki, lakin İranla münaqişədən sonra ABŞ-nin belə raketlərə yüksək tələbatı səbəbindən vəziyyət mürəkkəbləşir.
Ukrayna lideri həmçinin bildirib ki, Rusiya Ukraynaya hər irimiqyaslı hücum zamanı 30-40 ədəd ballistik raketdən istifadə edir və hər ay bu cür üç-beş hücum həyata keçirir.
Bundan əlavə, V.Zelenski bildirib ki, Ukrayna öz hərbi texnologiyalarını və təcrübəsini ABŞ ilə bölüşməyə hazırdır. Onun sözlərinə görə, ABŞ müdafiə şirkətləri ilə birlikdə Ukrayna ballistik raketlərinin modifikasiya edilməsi və onların "Patriot" raketlərinə bənzər xüsusiyyətlərə malik raket əleyhinə ələkeçiricilərə çevrilməsi imkanı da nəzərdən keçirilir.
"Bu, daha sürətli və daha ucuz olacaq", - Ukrayna Prezidenti qeyd edib.
