Yaxın Şərqdə hərbi vəziyyətin gərgin olaraq qalması dünya enerji bazarında neft qiymətlərinə təsirini saxlamaqdadır.
NUHÇIXAN xəbər verir ki, ötən günlərə nisbətən bu gün neft qiymətlərində az da olsa bahalaşma müşahidə olunub. Hazırda London birjasında “Brent” markalı xam neftin 1 barelinin qiyməti 3,18 dollar artaraq 87,27 dollar, “Light” markalı neftin 1 barelinin qiyməti isə 2,76 dollar artaraq 82,02 dollardır.
Qiymətlərin sabitləşməsinin əsas səbəbi ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə Hörmüz boğazından 5 gəminin keçməsidir ki, bunların 2-si xam neft daşıyan tanker olub. Bununla yanaşı, Qırmızı dənizdəki Bab əl-Məndəb boğazından da 37 gəmi keçib ki, bunlardan da təxminən 12-sı neft tankeridir. Tankerlərdəki xam neftin həcmi məlum deyil ki, bu da bazardakı qiymətlərə təsirini göstərməyib.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdən ABŞ hərbçilərinin köməyi ilə daşınan neft bəzi hallarda birjalara deyil, sifariş əsasında birbaşa sifarişçiyə çatdırılıb. Hər hansı bir iri neft emalı zavodu bu əməliyyatı həyata keçirə bilər, lakin bu çox baha başa gəlir.
“Kpler”in məlumatına görə, hər iki boğazdan gəmilərin hərəkət intensivliyi müşahidə olunmur. Arada boğazlardan keçən azsaylı gəmilərin yükünü müəyyən etmək də olmur.
“Reuters” agentliyi yazır ki, Çin Yəmən husiləri ilə birbaşa əlaqə yaradaraq Səudiyyə Ərəbistanının 4 tanker neftini ölkəyə gəlməsinə nail olub. Çindən nümunə götürən digər dövlətlər bu addımı atmaq istəsələr də İran buna imkan vermir. Husilər yalnız İrana dost olan ölkələrlə danışıqlar aparır və neft tankerlərinin boğazdan keçməsinə icazə verir.
Nəzərə çatdırmaq lazımdır ki, Səudiyyə Ərəbistanının sutkada 400 min barel neft emal iqtidarına malik olan “Saudi Aramco” şirkətinə məxsus neft ayırma zavodu husilərin pilotsuz uçuş aparatı (PUA) ilə hücumlarından sonra fəaliyyətini dayandırıb. Lakin zavodun dayanmasının əsas səbəbi emal olunan neftin bazara çıxarılması imkanının olmamasıdır. Terminallar və limanlardakı anbarlar emal olunan neft ilə dolu olduğu üçün zavod istehsal prosesini dayandırıb. Bu və digər amillər fonunda dünya bazarında neft qiymətlərinin artım tendensiyası kəskin olmasa da, davam edir.
