Rəsmi Pekin cümə axşamı, iyulun 30-da İranın bir neçə həftə ərzində Çin istehsalı olan 400-ə qədər hava hücumundan müdafiə raket qurğusu alacağı barədə mediada yayılan xəbəri təkzib edib.
NUHÇIXAN Çin mediasına istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Pekində keçirilən brifinqdə Pekinin müvafiq məsələlərlə bağlı mövqeyini dəfələrlə açıq şəkildə bildirdiyini deyib. Onun sözlərinə görə, Çin münaqişə tərəflərini sülhə çağırır və münaqişəyə son qoyulmasına çalışır, mediada yayılan xəbərin isə heç bir əsası yoxdur.
Çərşənbə günü Pakistan da İslamabadın həmin yük üçün tranzit keçidi təmin edəcəyi xəbərini qətiyyətlə rədd edib.
Pakistanın hərbi mediasının nümayəndəsi “Anadolu” agentliyinə bildirib ki, bütün bu fərziyyələr əsassızdır və həqiqətə uyğun deyil.
“Reuters” isə bir gün əvvəl bildirib ki, ABŞ ilə müharibə dövründə müdafiə qabiliyyətini bərpa etməyə çalışan İranın həftələr ərzində hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını alacağı gözlənilir. Agentlik adının çəkilməsini istəməyən mənbəyə istinadla iddia edib ki, tərəflər arasında razılaşdırılmış plana əsasən, ilkin tədarük Çinin qərbindəki Urumçidən təyyarə ilə həyata keçiriləcək və İrana çatmazdan əvvəl Pakistandan tranzit yolu ilə daşınacaq.
