Fransanın Hərbi Dəniz Aviasiyasının keçmiş pilotu dövlət təhlükəsizliyi ilə bağlı bir sıra cinayətlərdə, o cümlədən xarici dövlətin xeyrinə casusluq etmək və milli müdafiə sirlərini yaymaq şübhəsi ilə ittiham olunub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Paris Prokurorluğu məlumat yayıb.
Prokurorluğun açıqlamasına görə, keçmiş hərbi pilot, həmçinin xarici dövlətin maraqları naminə Fransanın fundamental maraqlarına aid məlumatları toplamaq və ötürməkdə ittiham edilir. O, saxlanıldıqdan sonra məhkəmənin qərarı ilə nəzarət altına buraxılıb.
İstintaq Çinin xeyrinə mümkün casusluq fəaliyyəti ilə bağlı şübhələri araşdırır. Cinayət işi Fransa Silahlı Qüvvələr Nazirliyinin Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən, Paris Prokurorluğuna göndərdiyi məlumatdan sonra başlanıb.
Prokurorluq bildirib ki, 2025-ci il fevralın 19-da keçmiş hərbçi barəsində xarici dövlətlə əməkdaşlıq, dövlət sirrinin açıqlanması, xidməti qaydaların pozulması, qadağan olunmuş əlavə fəaliyyətlə məşğul olma və vergidən yayınma yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması şübhələri ilə müraciət daxil olub. Bundan sonra araşdırma Daxili Təhlükəsizlik Baş İdarəsinə həvalə edilib.
Fransanın “Le Canard enchaîné” həftəlik nəşrinin məlumatına görə, istintaq çərçivəsində pilotun 2018-ci ilin sentyabrında və 2019-cu ilin avqustunda Cənubi Afrika şirkətindən maaş aldığı dövrdə Çinə etdiyi iki səfər də araşdırılır.
Keçmiş pilot isə nəşrə açıqlamasında Çində 2 dəfə hər biri 3 gün davam edən seminar keçdiyini bildirib. Onun sözlərinə görə, 2019-cu il səfəri uğurlu olmayıb və həmin vaxtdan sonra bir daha Çinə getməyib.
Adı açıqlanmayan keçmiş hərbçi, eyni zamanda, aviasiya və müdafiə mövzularına həsr olunmuş və 560 mindən çox abunəçisi olan məşhur yutub kanalının müəllifi kimi də tanınır.
