Bu il Almaniyada yüksək temperaturla əlaqədar ölüm hallarının sayı son on ilin rekord həddinə çatıb.
NUHÇIXAN xəbər verir ki, Robert Kox İnstitutunun hesabatına əsasən, aprelin 6-dan iyulun 19-dək ölkədə isti hava səbəbindən təxminən 9800 nəfər həyatını itirib. Bu göstərici 2016-cı ildən bəri qeydə alınmış rəqəmi üstələyib. Əvvəlki ən yüksək göstərici 2018-ci ildə qeydə alınmışdı, həmin il təxminən 9 min nəfər isti hava ilə əlaqədar dünyasını dəyişib.
İnstitutun məlumatına görə, ölüm hallarının 5 mindən çoxu iyunun ikinci yarısındakı istilik dalğası dövrünə təsadüf edib. Həmin vaxt Almaniyanın bir çox bölgələrində havanın temperaturu 40 dərəcəyə çatıb, bəzi bölgələrdə isə 40 dərəcəni ötüb. Təkcə iyulun 13-19-da daha 1900 nəfərin isti hava səbəbindən öldüyü təxmin edilir.
Robet Kox İnstitutu istilərin xüsusilə yaşlı insanlar üçün təhlükəli olduğunu qeyd edərək bildirib ki, ölənlərin 5 mindən çoxunun yaşı 85 və daha yuxarı, 630 nəfər isə 65 yaşdan aşağı olub.
