Ermənistan dəmir yolu infrastrukturunun icarəsinə görə Rusiyadan ildə 2 milyard dollara qədər vəsait tələb edə bilər.
NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Ermənistan dəmir yollarını öz mülkiyyəti hesab edir və Cənubi Qafqaz Dəmir Yolunun konsessiyası məsələsi ilə bağlı məhkəmə çəkişmələrini və arbitraja müraciət olunacağını istisna etmir.
"Ermənistan bu dəmir yolundan özünün məqsədəuyğun hesab etdiyi qaydada istifadə etmək imkanına malik olmalıdır. Bunun alternativi yoxdur", - o bildirib.
Paşinyan vurğulayıb ki, bu məsələni "dostcasına" həll etmək niyyətindədir.
"İndi əsasən müxalifət tərəfindən nələrinsə bahalaşması ehtimalı barədə çox danışılır. Amma məlum ola bilər ki, Ermənistan 30 il ərzində ölkədə pulsuz olan bir şeyə görə 2 milyard dollar tələb etməyə başlayacaq. Mən dəmir yoluna işarə etmirəm, birbaşa deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur", - Paşinyan əlavə edib.
