Fələstinin HƏMAS hərəkatının tərk-silah edilməsi təşəbbüsü Qəzza zolağında yeraltı tunellərin və arsenalların ləğvini də nəzərdə tutur.
NUHÇIXAN-ın "Al Hadath" telekanalına istinadən verdiyi məlumata görə, bunu anklavda vəziyyətin sabitləşməsi prosesinə nəzarət etmək üçün yaradılmış Sülh Şurasının nümayəndəsi bildirib.
Sənədə əsasən, razılaşmanın icra planı heç bir istisna olmadan bütün növ döyüş silahlarının - həm ağır, həm də yüngül silahların ləğvini nəzərdə tutur. Bundan başqa, yeraltı tunellərin, silah anbarlarının və silah istehsalı obyektlərinin məhv edilməsi planlaşdırılır.
Şuradan vurğulayıblar ki, proses başa çatdıqdan sonra HƏMAS Qəzza zolağında heç bir inzibati rola malik olmayacaq.
Qeyd olunur ki, zolağın idarəçiliyi "bir hakimiyyət, bir qanun və bir silah" prinsipinə uyğun olaraq geniş səlahiyyətlərə malik xüsusi komitəyə keçəcək.
