Aİ süni intellekt sahəsində “Giqafabriklər” layihəsinə 30 milyard avro investisiya cəlb etməyi planlaşdırır

A- A A+

Avropa İttifaqı (Aİ) süni intellekt sahəsində texnoloji müstəqilliyini gücləndirmək və qlobal rəqabət qabiliyyətini artırmaq məqsədilə Avropada 7-dək süni intellekt “Giqafabrik”inin yaradılması proqramına start verib.

NUHÇIXAN xəbər verir ki, Avropa Komissiyasının məlumatında bu təşəbbüs üçün 30 milyard avrodan çox investisiyanın cəlb olunmasının nəzərdə tutulduğu bildirilib. Komissiyanın məlumatına əsasən, bu təşəbbüs Aİ və üzv dövlətlərin 10 milyard avroyadək həcmdə dövlət maliyyəsi ilə dəstəklənəcək. Bunun sayəsində ən azı 20 milyard avro həcmində özəl investisiya səfərbər ediləcək.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu barədə X hesabındakı paylaşımında Avropanın texnoloji suverenliyini formalaşdırıldığını ifadə edərək bildirib: “Süni intellekt dövrümüzün ən mühüm texnologiyasıdır. Avropa ilk süni intellekt qitəsi olmaq istəyir”.

Yeni mərkəzlər startaplar, kiçik və orta müəssisələr, sənaye, elmi-tədqiqat qurumları və dövlət orqanlarını qabaqcıl süni intellekt modellərinin hazırlanması və istifadəsi üçün yüksək məhsuldarlıqlı hesablama infrastrukturu ilə təmin edəcək. “Giqafabriklər” yüksək məhsuldarlığa sahib prosessorlar, bulud texnologiyaları, enerji səmərəli məlumat emalı mərkəzləri və sürətli rabitə sistemlərini birləşdirəcək. Onlar hazırda fəaliyyət göstərən 19 süni intellekt fabriki ilə birlikdə Avropanın texnoloji liderliyini, strateji müstəqilliyini və rəqəmsal dayanıqlılığını gücləndirəcək.

Komissiyanın məlumatında bu infrastrukturun süni intellekt texnologiyalarının Aİ-nin məlumatların qorunması, təhlükəsizlik və etik standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə imkan verəcəyi qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: