Livan Prezidenti Cozef Aun Türkiyə ilə Livan arasında köklü əlaqələrin mövcud olduğunu bildirərək, iki ölkənin xalqlarının rifahı və bölgənin sabitliyi naminə əməkdaşlığı daha da inkişaf etdirmək istiqamətində qarşılıqlı siyasi iradənin olduğunu bəyan edib.
NUHÇIXAN xəbər verir ki, C.Aun bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada Prezident Sarayında keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
Livan Prezidenti göstərilən qonaqpərvərlik və səmimi qarşılanmaya görə Ərdoğana təşəkkür edib.
Səfərin region üçün mühüm bir dövrə təsadüf etdiyini vurğulayan C.Aun bildirib ki, hazırda Yaxın Şərqin gələcəyinin formalaşdığı bir mərhələ yaşanır.
O, Türkiyə ilə Livan arasında qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək, bu əməkdaşlığın gələcək dövrdə daha da möhkəmlənəcəyinə inandığını bildirib.
Aun həmçinin R.T.Ərdoğanın iki ölkə arasındakı münasibətlərin inkişafına xüsusi önəm verdiyini və onları yeni əməkdaşlıq mərhələsinə çıxarmaqda qətiyyətli olduğunu vurğulayıb.
Livan Prezidenti əlavə edib ki, Türkiyə Livanın ən çətin günlərində onun yanında olub və göstərdiyi dəstək Livan xalqı tərəfindən yüksək qiymətləndirilir.
