Fransada meşə yanğınları ilə bağlı sosial şəbəkələrdə geniş yayılan videoda səslənən irqçi ifadələr ciddi etirazlara səbəb olub. Bununla yanaşı, sonradan videonun BFMTV televiziya kanalının hazırladığı reportaja aid olmadığı müəyyən edilib.
NUHÇIXAN xəbər verir ki, videonu “Əyilməz Fransa” (La France Insoumise – LFI) partiyasının deputatı Toma Port paylaşaraq, orada səsləndirilən fikirləri “iyrənc” adlandırıb. Kadrlarda, ehtimal ki, yanğınların söndürülməsində iştirak edən kamuflyaj geyimli bir şəxs belə deyir: “Yanğınlar zamanı deyirdik ki, burada bir dənə də qaradərili, bir dənə də ərəb yoxdur. Heç biri!”. Bundan sonra əlində BFMTV loqolu mikrofon olan jurnalist mikrofonu geri alır və narahat görünür. Daha sonra məlum olub ki, həmin görüntülər BFMTV-nin hazırladığı reportajdan deyil.
Bu hadisə iyulun 25-də En departamentinin Marboz şəhərində keçirilən bayram tədbiri zamanı baş vermiş digər irqçilik qalmaqalından cəmi bir neçə gün sonraya təsadüf edib. Həmin tədbirdə bir qrup gənc ənənəvi mahnının sözlərini dəyişdirərək açıq şəkildə irqçi şüarlar səsləndirib. Milyonlarla baxış toplayan videodan sonra prefektura məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edib.
Bu hadisələr Fransada son dövrdə qeydə alınan oxşar insidentlərin davamı kimi qiymətləndirilir. “Canon français” təşkilatının keçirdiyi kütləvi tədbirlər zamanı da irqçi təhqirlər, nifrət xarakterli şüarlar və nasist salamı verilməsi ilə bağlı görüntülər qeydə alınıb. Həmin faktlarla bağlı da məhkəmə araşdırmaları aparılır.
İrqçiliklə mübarizə aparan çoxsaylı təşkilatlar bu hadisələri qətiyyətlə pisləyiblər. Təkrarlanan bu cür insidentlər Fransada gündəlik həyatda irqçilik probleminin hələ də ciddi narahatlıq doğurduğunu göstərir.
