Türkiyənin milli qürur mənbəyi layihələrdən biri olan “KAAN” döyüş təyyarəsinin iki yeni prototipi ilk dəfə ictimaiyyətə təqdim olunub. Ötən il ilk uçuşunu həyata keçirən prototipdən fərqli olaraq, bu iki yeni platformada əhəmiyyətli texniki dəyişikliklər edilib.
NUHÇIXAN xəbər verir ki, daha əvvəl iki uçuş həyata keçirən “KAAN-0” prototipindən sonra istehsal edilən yeni “KAAN-1” hazırda yerüstü sınaqlarını davam etdirir. Bu çərçivədə “KAAN-1” taksi (yerüstü hərəkət) sınağını uğurla başa vurub.
2023-cü il martın 17-də anqardan çıxarılaraq uçuş zolağına gətirilən təyyarə 11 ay ərzində türk mühəndislər tərəfindən ilk uçuşa hazırlanaraq səmaya qaldırılıb. İlk uçuşdan əvvəlki bütün sınaqlar uğurla tamamlanıb.
Türkiyənin tamamilə milli imkanları ilə layihələndirilən və istehsal edilən “KAAN”ın qanad açıqlığı 14 metr, hündürlüyü 6 metr, uzunluğu isə 21 metrdir. Bir pilotlu kabinəyə malik təyyarənin ön plana çıxan xüsusiyyətləri iki mühərrikli quruluşu, yüksək manevr qabiliyyəti, radara aşağı görünməsi (stels xüsusiyyəti), silahlarını gövdə daxilində daşıya bilməsi və elektron müharibə imkanlarıdır.
“KAAN” pilotsuz uçuş aparatları, havadan erkən xəbərdarlıq və idarəetmə sistemləri, eləcə də gələcəkdə təchiz ediləcək digər platformalarla birgə fəaliyyət göstərə biləcək.
Yeni nəsil silah sistemləri ilə havadan-havaya döyüş əməliyyatları aparmaq, səsdən yüksək sürətdə daxili silah bölmələrindən yüksək dəqiqlikli zərbələr endirmək imkanına malik olacaq “KAAN” süni intellekt və neyron şəbəkə dəstəyi sayəsində döyüş qabiliyyətini daha da artıracaq.
