Avropa İttifaqında (Aİ) süni intellekt sistemlərinə dair yeni şəffaflıq öhdəliklərinin avqustun 2-dən tətbiq olunmasına başlanılacaq.
NUHÇIXAN xəbər verir ki, 2024-cü il avqustun 1-də qüvvəyə minən Aİ-nin “Süni İntellekt Qanun”u süni intellekt sistemləri üçün risk səviyyəsinə uyğun fərqli qaydalar müəyyən edir. Qanuna əsasən, qəbulolunmaz risk daşıyan bəzi süni intellekt tətbiqləri qadağan edilir, yüksəkriskli sistemlərlə bağlı isə ciddi öhdəliklər tətbiq olunur.
Süni intellektlə bağlı qaydaların mərhələli şəkildə qüvvəyə mindiyi bu Qanunda cari il avqustun 2-si ən mühüm tətbiq tarixlərindən biri hesab olunur. Həmin tarixdən etibarən şəffaflıq öhdəliklərinin tətbiq edilməsinə başlanılacaq.
Aİ-nin Komissiyası və üzv ölkələrin bazara nəzarət orqanları yoxlama və sanksiya tətbiq etmək səlahiyyətlərini faktiki olaraq həyata keçirə biləcəklər.
Yeni qaydaların məqsədi vətəndaşların süni intellektlə qarşılıqlı əlaqədə olduqlarını və qarşılaşdıqları məzmunun süni intellekt tərəfindən yaradılıb-yaradılmadığını anlaya bilmələrini təmin etməkdir. Bununla süni intellektin aldadıcı şəkildə istifadəsinin qarşısının alınması, informasiya ekosistemində şəffaflığın artırılması və rəqəmsal mühitə olan etimadın gücləndirilməsi hədəflənir.
Aİ-nin Komissiyası “Süni İntellekt Qanunu” çərçivəsində şəffaflıq öhdəliklərinin tətbiqinə dair təlimat da yayımlayıb.
Təlimatda bu il avqustun 2-dən qüvvəyə minəcək öhdəliklər çərçivəsində süni intellekt sistemlərini hazırlayanların və onlardan istifadə edən qurumların hansı hallarda istifadəçiləri məlumatlandırmalı olduqları izah edilir.
Buna əsasən, çatbotlar, süni intellekt agentləri və oxşar interaktiv süni intellekt sistemləri istifadəçilərə onların birbaşa süni intellektlə ünsiyyətdə olduqlarını açıq şəkildə bildirməlidir.
Bundan əlavə, süni intellekt tərəfindən yaradılan və ya dəyişdirilən foto, video, səs və müəyyən mətn məzmunlarına onların süni intellekt vasitəsilə hazırlandığını müəyyən etməyə imkan verən, maşın tərəfindən oxuna bilən xüsusi işarələr əlavə olunacaq.
Süni intellekt vasitəsilə yaradılmış “deepfake” məzmunların süni şəkildə hazırlandığı açıq şəkildə qeyd edilməlidir.
İnsan tərəfindən yoxlanılmayan və ya redaksiya nəzarətindən keçməyən, ictimai maraq doğuran süni intellekt mənşəli məzmunlarda da bunun istifadəçilərə bildirilməsi tələb olunacaq.
Emosiyaların tanınması və ya biometrik təsnifat aparan süni intellekt sistemlərindən istifadə edən təşkilatların da insanların belə sistemlərin təsiri altında olmaları barədə onları açıq şəkildə məlumatlandırmaq öhdəlikləri olacaq.
Təlimatda vurğulanır ki, orfoqrafiya və qrammatika düzəlişləri kimi standart redaktə əməliyyatları bu öhdəliklərin əhatə dairəsinə daxil deyil.
Digər tərəfdən, avqustun 2-dən “Süni İntellekt Qanunu” çərçivəsindəki qaydaların böyük hissəsi qüvvəyə minəcək və Aİ-nin Komissiyası ilə üzv dövlətlərin bazara nəzarət orqanları yoxlama və sanksiya səlahiyyətlərini tətbiq edə biləcək.
Avqustun 2-dən əvvəl bazara təqdim edilmiş süni intellekt sistemləri üçün isə süni intellekt tərəfindən yaradılmış məzmunun işarələnməsi və aşkar edilə bilməsinə dair texniki öhdəliklərin yerinə yetirilməsi məqsədilə cari dekabrın 2-dək keçid müddəti veriləcək.
