Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın tərk-silah olunması ilə bağlı əldə edilmiş razılaşmanı alqışlayıb.
NUHÇIXAN xəbər verir ki, bu ölkənin xarici işlər naziri Yohan Vadeful X sosial şəbəkə hesabındakı paylaşımında bu hadisəni “ümidverici” adlandıraraq qeyd edib: “Misir, Qətər və Türkiyənin vasitəçiliyi, həmçinin BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Nikolay Mladenovun dəstəyi ilə Amerika Birləşmiş Ştatları tərəfindən əldə olunmuş razılaşmanı alqışlayıram. İndi əsas məsələ real irəliləyişin təmin edilməsi və HƏMAS-ın həqiqətən silahsızlanmasıdır”.
O, həmçinin İsrailin Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsinə razılıq verməsini alqışlayaraq, ölkəsinin Qəzza əhalisinə humanitar yardımın göstərilməsinə və erkən bərpa prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb. “Bu məqsədlə Qəzzaya əlavə keçid məntəqələri təxirə salınmadan açılmalıdır. Biz bu razılaşmanın həyata keçirilməsinə öz töhfəmizi verməyə hazırıq”, - deyə Y.Vadeful vurğulayıb.
