Fransa Senatının sədri Jerar Larşe Mosel departamentindən senator Kristin Hersoq barədə Paris Respublika Prokurorluğuna rəsmi məlumat təqdim edib.
NUHÇIXAN xəbər verir ki, o, senatoru psixoloji təzyiq göstərməkdə ittiham edir və dövlət vəsaitlərinin mümkün mənimsənilməsi ilə bağlı şübhələrin araşdırılmasını istəyir.
AFP agentliyinin məlumatına görə, müraciət Paris prokuroru Lor Bekyuya göndərilib. Bununla da, Senatın rəhbərliyi iyulun ortalarında ağır intizam cəzası alan senatorla bağlı məhkəmə orqanlarını rəsmi şəkildə məlumatlandırıb.
İyulun 16-da Mərkəzçilər Birliyinin üzvü olan Kristin Hersoq Senatın ən ağır intizam sanksiyasına məruz qalıb. O, 15 gün müddətinə Senatın ictimai və qapalı iclaslarından kənarlaşdırılıb, həmçinin altı ay ərzində senator maaşının böyük hissəsindən məhrum edilib. Senat rəsmisi bildirib ki, bu qərar ona təxminən 32 min avro məbləğində maliyyə itkisinə başa gələcək.
Senatın intizam prosedurunda diqqətə çatdırılıb ki, senator həyat yoldaşına parlamentin əməkdaşları üzərində faktiki səlahiyyət həyata keçirməyə şərait yaradıb. Sənədə əsasən, həmin şəxs Senatın resurslarından istifadə edərək, əvvəllər seçki dəstəyi üçün imza toplamaq fəaliyyətində iştirak edib.
Kristin Hersoq isə feysbuk səhifəsində irəli sürülən ittihamları qətiyyətlə rədd edib və həqiqət anının gələcəyini bəyan edib. O, açıqlamasında dövlət vəsaitlərindən bir sent belə mənimsəmədiyini bildirib. Senator, həmçinin psixoloji təzyiq ittihamlarını qəbul etmədiyini vurğulayaraq, bu iddiaların keçmiş əməkdaşlarından biri ilə əməkhaqqı mübahisəsi fonunda ortaya çıxdığını və hadisələrin onun təqdim etdiyi versiyadan fərqli olduğunu bildirib.
