Almaniyada 1000-dən çox hüquqşünas ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının qadağan olunması tələbi ilə Federal Konstitusiya Məhkəməsində icraat başlanmasına dair çağırış edib.
NUHÇIXAN xəbər verir ki, Respublikaçı Hüquqşünaslar Birliyinin məlumatına görə, federal hökumətə və Bundestaqın deputatlarına ünvanlanmış açıq məktubu 1051 hüquqşünas imzalayıb. Onlar hesab edirlər ki, AfD-nin fəaliyyəti Almaniya Konstitusiyasında əksini tapan insan ləyaqəti və demokratiya prinsiplərinə ziddir.
Hazırda AfD Türingiya, Saksoniya, Saksoniya-Anhalt, Brandenburq və Aşağı Saksoniya əyalətlərində rəsmi olaraq qəti sağ ekstremist təşkilat kimi qiymətləndirilir. Almaniya qanunvericiliyinə əsasən, partiyanın qadağan olunması ilə bağlı müraciəti Bundestaq, Bundesrat (Əyalət Nümayəndələri Şurası) və ya federal hökumət edə bilər, yekun qərarı isə Federal Konstitusiya Məhkəməsi verir. Bununla yanaşı, ölkənin bir sıra aparıcı siyasətçiləri və hüquqşünasları belə bir prosedurun həm hüquqi baxımdan mürəkkəb olduğunu, həm də AfD-nin siyasi mövqeyini gücləndirə biləcəyini irəli sürərək bu təşəbbüsə ehtiyatla yanaşırlar.
