Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkəti ABŞ-İran münaqişəsinin qlobal neft qiymətlərini yüksəltməsi və regional təchizat zəncirlərini pozması fonunda cari ilin ikinci rübündə xalis gəlirinin kəskin şəkildə - 44 faiz artdığını bildirib.
NUHÇIXAN SPA agentliyinə istinadla xəbər verir ki, şirkətin avqustun 4-də verdiyi məlumata görə, onun xalis gəliri ikinci rübdə 2025-ci ilin eyni dövründəki 22,67 milyard dollardan 32,7 milyard dollara çatıb.
Geosiyasi münaqişə qlobal neft qiymətlərini yüksəldib və Səudiyyə şirkətinə alternativ tədarük marşrutlarından istifadə etməklə bundan faydalanmaq imkanı verib. “Aramco”nun xalis gəliri cari ilin birinci yarısında ötən ilin eyni dövründəki 48,68 milyard dollardan 65,2 milyard dollara çatıb.
Şirkətin prezidenti və baş icraçı direktoru Amin Nasser bildirib ki, mürəkkəb regional şəraitə baxmayaraq, “Aramco” fəaliyyətini davam etdirir və istehsal gücünü qoruyub saxlayır.
