Aİ ölkələrinin daxili işlər nazirləri İspaniyanın Seutadakı vəziyyətə reaksiyasını yüksək qiymətləndiriblər
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin daxili işlər nazirləri videokonfrans formatında keçirilən qeyri-rəsmi iclasda İspaniyanın Seuta şəhərindəki son vəziyyəti müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, Aİ-nin məlumatında iclasda İspaniya nümayəndə heyətinin, Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin sərhəddə baş verən hadisələr və mövcud vəziyyətlə bağlı qiymətləndirmələrini təqdim etdikləri bildirilib.
Nazirlər İspaniya hakimiyyətinin vəziyyətə operativ və effektiv reaksiyasını yüksək qiymətləndirib, sərhədi keçməyə cəhd edərkən həyatını itirən şəxslərlə bağlı narahatlıqlarını ifadə ediblər.
İspaniya hakimiyyəti və Avropa Komissiyasının son məlumatına əsasən, qanunsuz yollarla sərhədi keçən şəxslərin böyük əksəriyyətinin geri qaytarıldığı, onların İspaniyanın əsas hissəsinə və ya Aİ-yə üzv digər dövlətlərin ərazilərinə keçidinin qeydə alınmadığı vurğulanıb.
Nazirlər Aİ-nin xarici sərhədlərinin daha etibarlı qorunması, miqrant qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizənin gücləndirilməsi, geri qaytarma mexanizmlərinin təkmilləşdirilməsi, üçüncü ölkələrlə əməkdaşlığın genişləndirilməsi və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə, həmçinin böhran dövrlərində əlaqələndirilmiş və ardıcıl kommunikasiya siyasətinin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub.
